16 mart 2020 / 18:41
Cəmiyyət

Müdafiə naziri əmr verdi, deputat və politoloq dəstəklədi

Müdafiə naziri əmr verdi, deputat və politoloq dəstəklədi
“Biz həmişə deyirik ki, ordumuza lazımi qədər vəsaitlər ayrılır. Buna görə bu gün istənilən müasir texnikanı ala bilirik. Bunlar həm kənar hücumlardan müdafiə olunmaq, həm də işğal altında olan torpaqlarımızı azad etmək üçün lazımdır”.

“MediaPost” xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun martın 14-də keçirdiyi müşavirədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Müdafiə naziri əmr verdi, deputat və politoloq dəstəklədi
Deputat vurğulayıb ki, Ermənistan silahlı qüvvələri atəşkəs dövründə həmişə cəbhədə təxribat törədib, yenə də təxribat törətməkdə davam edir: “Müdafiə naziri Zakir Həsənov düşmənin təxribatlarının qarşısının dərhal alınması məqsədi ilə əmr veribsə, deməli buna gərək var. Çünki Ermənistan silahlı qüvvələri mütəmadi atəşkəsi pozur. Bütün bunları nəzərə alaraq, cənab nazir belə bir əmr verib. Elə məsələlər var ki, biz bilmirik, nazir bunları nəzərə alır. Ermənistan həmişə təxribat törədir. Bizim əsgərləri snayper tüfəngi ilə atəşə tuturlar. Bilərəkdən bu münaqişəni daha da alovlandırmağa çalışırlar. Amma Azərbaycan tərəfi bu məsələnin ATƏT çərçivəsində sülh yolu ilə həll olunmasını istəyir. Bunlar görürlər ki, son vaxtlar Ermənistana təzyiqlər çoxalıb, artıq ATƏT üzvləri də təxribatların törədildiyini başa düşürlər. Ona görə də qarşı tərəf təxribat törətməkdə davam edib, narahatlıq yaratmaq istəyirlər. Ancaq heç nəyə nail ola bilməyəcəklər.

Biz sülhsevər millət, dövlətik. Amma bizim torpaqlarımız işğal altındadır. Torpaqların işğaldan azad olunmasının yeganə yolu müharibədir. Bunun başqa yolu yoxdur, gec-tez olacaq. Lakin bunun üçün də şərait olmalıdır, müəyyən danışıqlar getməlidir. Azərbaycan Müdafiə Nazirliyi kifayət qədər müasir hərbi texnikaya, silah-sursata malikdir. Bütün təchizat imkanları var”.

Mövzunu şərh edən politoloq İlyas Hüseynov sözügedən müşavirədəki verilən əmri çevik və qabaqlayıcı addım kimi yüksək qiymətləndirib.


O deyib ki, Z.Həsənov sonuncu müşavirədə vacib məqamlara toxunub: “Cəbhədəki əməliyyat şəraitini təhlil edən Müdafiə naziri düşmənin ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması məqsədilə lazımi qüvvə və vasitələrdən istifadə olunmasını tövsiyə edib. Şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, eləcə də intensiv döyüş hazırlığı səviyyəsinin artırılması üçün hərbi hissələrdə, əsasən də cəbhə xəttində yerləşən bölmələrdə əlavə tədbirlər görülməsi tapşırılıb”.

Müdafiə naziri əmr verdi, deputat və politoloq dəstəklədi
Ekspert vurğulayıb ki, hazırda Azərbaycan Ermənistanın təxribatçı hərəkətlərinin qarşısını almaq üçün xüsusi tədbirlər görür: “Müdafiə naziri bu müşavirədə maddi-texniki təminat imkanlarının daha da genişləndirilməsi ilə bağlı komandir-rəis heyətinə əmr verib. Düşmən təxribatlarının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür. Belə müşavirələrin keçirilməsi, eyni zamanda onlayn rejimdə cəbhə xəttinə bağlanılması, video-müşahidə vasitəsi ilə real vəziyyətin nazirliyə, komanda heyətinə, qoşun növləri komandanlarına, xidmət və idarə rəislərinə, birlik komandirlərinə çatdırılması Müdafiə Nazirliyində idarəetmənin operativ formada olmasını göstərir. İstənilən vaxt düşmənin təxribatlarının qarşısının alınması məqsədilə çevik və qabaqlayıcı addımlar atmağa hazırlıq yüksək səviyyədədir”.

Qeyd edək ki, martın 14-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirləri, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında çıxışında səsləndirdiyi məqamları bir daha müşavirə iştirakçılarına xatırladan Müdafiə naziri dövlət başçısının rəhbərliyi ilə Azərbaycan Ordusunda həyata keçirilən islahatların davam etdirilməsi və qarşıda duran vəzifələrin icrası ilə bağlı bir sıra tapşırıqları diqqətə çatdırıb.

General-polkovnik Z.Həsənov müşavirədə şəxsi heyətin Vətənə, dövlətə və Ali Baş Komandana misilsiz sədaqət, milli-mənəvi dəyərlər, vətənpərvərlik, milli köklərə bağlılıq və döyüş ruhunda tərbiyə edilməsinin, hərbi intizamın möhkəmləndirilməsinin vacibliyini xüsusi qeyd edib.

Cəbhədəki əməliyyat şəraitini təhlil edən Müdafiə naziri düşmənin ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması məqsədilə lazımi qüvvə və vasitələrdən istifadə edilməsi, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, intensiv döyüş hazırlığı səviyyəsinin artırılması üçün hərbi hissələrdə, əsasən ön xətdə yerləşən bölmələrdə keçirilən döyüş hazırlığı tədbirlərinin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilməsi, döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat imkanlarının daha da genişləndirilməsi ilə bağlı komandir-rəis heyətinə əmr verib.
Ctrl
Enter
Burada səhf var
Mətni seçib Ctrl+Enteri basın
Rəy yaz