28 iyul 2020 / 13:37
Cəmiyyət

Jurnalist ölkə başçısına müraciət etdi: Siz qarışmasanız...

Jurnalist ölkə başçısına müraciət etdi: Siz qarışmasanız...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına  Cənab Prezident! Mən Cəlilova İradə uzun illərdir ki, jurnalist fəaliyyəti ilə məşğulam, iki azyaşlı oğlum var və onları halal zəhmətimlə təkbaşına böyüdürəm. İndiyə kimi müxtəlif media orqanlarında çalışımışam və heç kəsin qapısını maddi durumumla bağlı döyməmişəm. Lakin "siyasi stabilliyin hökm sürdüyü" ölkəmizdə kimlərsə, mənim həyatımı zəhərə çevirib, övladlarımın və mənim sabitliyimi pozub. Belə ki, 2019-cu ildən davamlı şantaj, hədə və təhqirlə üzləşirəm, dəfələrlə, məni şantaj edənlərlə bağlı Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etmişəm, amma onların fəaliyyəti ürəkaçan olmayıb.
Hətta məni şəxsən şantaj edən şəxslərlə bağlı belə ölçü götürməyiblər, əskinə, həmin adamlar çıxıb deyiblər ki, məni "təlimatlandırdılar ki, filan ifadəni belə işlət, belə desən, əməlində cinayət tərkibi olmayacaq".  Təsəvvür edirsinizmi, 2 azyaşlı övlad böyüdən gənc bir qadın şantajla üzləşir, təhdid olunur, hüquq mühafizə orqanlarına üz tutur, amma orada dövlətin sabitliyini qorumağa məsul şəxslər şantajçını təlimatlandırır, az qala "Misri-Kənan" rolunda çıxış edib "xilaskar" əllərini işə salırlar. Məni intihar həddinə çatdırıblar. Halbuki indiyə qədər dövlətimə və millətimə qarşı heç bir mənfi fəaliyyətim olmayıb. O zaman bu adamlar məndən nə istəyirlər? Mən indi jurnalist kimi millətimin, xalqımın, dövlətimin keşiyində dayanım, yoxsa hansısa şantajçı və əclafların təhdidi altında iffətimi qoruyum? Buna Siz cavab verin, Cənab Prezident! Azərbaycan böyük bir AİLƏdir və Siz də o AİLƏnin başçısısınız. Bu həm də Sizə qarşı edilmiş sayılır.
Cənab Prezident, şantaj, böhtan və təhqirlər o həddə çatıb ki, sosial şəbəkələrdə telefon nömrəm, şəklim paylaşılır, mərhum atam təhqir edilir, mənim haqqımda təhqir və şantaj dolu sözlər yazılır. Bunları da azyaşlı məktəbli övladlarım oxuyur, onların psixologiyası pozulur, gərginlik içində yaşayırıq. Necə olur Bakıda hansısa bir dükanda "semiçka" oğurlayanları 10 dəqiqəyə tapırlar, amma 2 ildir üzləşdiyim şantaj və təhqirləri edənləri tapılmır, cəzalandırılmır? İndi kimsə kimsəsiz olanda onu əzib, məhv etmək lazımdır? Necə olur ki, DİN-ə, DTX-yə, Baş Prokurorluğa etdiyim şikayətə baxılmır? Niyə həmin sosial şəbəkələrin istifadəçiləri, saxta profillərin ip ünvanları açıqlanmır? Axı həmin şəxslər uzaqda deyil, elə Bakıdadırlar.  Cənab Prezident, bu müraciəti Sizə rəsmi məktub kimi də göndərmişəm.
Xahiş edirəm, mənə qarşı şantaj, təhqir və böhtan atan şəxslərin araşdırılması ilə bağlı hüquq mühafizə orqanlarına göstəriş verəsiniz. Mən bu məsələ ilə bağlı Birinci Vitse-Prezident Mehriban xanıma da müraciət etmişəm. Siz qarışmasanız, hüquq mühafizə orqanları bu işi araşdırmayacaq. Sizə yazdığım məktubda həmin şəxslərin bəzilərinin kimliyi barədə də məlumat verəcəyəm.





Ctrl
Enter
Burada səhf var
Mətni seçib Ctrl+Enteri basın
Rəy yaz